26 November 2025
2025/10/18 - 15:02
View 114

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin BMT TŞ-nın 2231 (2015) saylı qətnaməsinə dair bəyanatı

.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin BMT Təhlükəsizlik Şurasının 2231 (2015) saylı qətnaməsinin 2025-ci il 18 oktyabr (26 mehr) tarixində qüvvədən düşməsinə dair bəyanatı

 

 

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi bildirir ki, hərçənd BMT Təhlükəsizlik Şurasının 2231 (2015) saylı qətnaməsinin qüvvədən düşmə prosesi Böyük Britaniya, Fransa və Almaniyanın birtərəfli və qanunsuz addımları ilə süni şəkildə əngəllənmişdir, lakin qeyd edilən qətnamə 2025-ci il 18 oktyabr (26 mehr) tarixində öz hüquqi qüvvəsini itirmişdir. Buna görə də İranın sülhməramlı nüvə proqramı məsələsinin Təhlükəsizlik Şurasının gündəliyindən çıxarılması zəruridir.

Üç Avropa ölkəsinin 2025-ci il 28 avqust tarixində “snapback” adlı mexanizmi işə salmaq qərarı həm hüquqi cəhətdən əsassız, həm də açıq şəkildə siyasi məqsədlərə xidmət edən addım olmuşdur. Bu addım konstruktiv alternativ mövcud olduğu halda atılmışdır. Diplomatik səylərin davamı məqsədilə Rusiya Federasiyası və Çin Xalq Respublikası 2231 saylı qətnamənin müddəalarının 6 ay müddətinə uzadılmasını nəzərdə tutan qətnamə layihəsini təqdim etmişdilər ki, bu təşəbbüs mümkün böhranın qarşısını ala bilərdi. Təəssüf ki, bu təşəbbüs də üç Avropa ölkəsi və Amerika Birləşmiş Ştatlarının etirazı ilə bloklanmışdır.

İran İslam Respublikası üç Avropa ölkəsinin sözügedən mexanizmi işə salmaq cəhdini aşağıdakı əsas səbəblərə görə tamamilə əsassız və hüquqi qüvvədən məhrum hesab edir:

  1. Ciddi öhdəlik pozuntusu: Üç Avropa ölkəsi, Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, sanksiyaları tam ləğv etməmiş və əksinə, İrana qarşı yeni birtərəfli sanksiyalar tətbiq etmişdir.
  2. Mübahisələrin həlli mexanizminin pozulması: Adıçəkilən ölkələr JCPOA-da müəyyən edilmiş mübahisələrin həlli mexanizmini yan keçərək, hüquqi əsas olmadan və pis niyyətlə hərəkət etmişlər.
  3. Etimadın pozulması: Bu ölkələr sionist rejimin və ABŞ-ın İranın dinc nüvə obyektlərinə qarşı həyata keçirdiyi hərbi təcavüzü dəstəkləmişlər. Bu, beynəlxalq hüququn kobud şəkildə pozulması və vəziyyətin əsaslı surətdə dəyişməsi deməkdir.
  4. JCPOA-nın əsas prinsiplərinin inkarı: Üç Avropa ölkəsinin mövqeyi JCPOA və 2231 saylı qətnamənin əsas prinsiplərini, o cümlədən İranın uranı sülh məqsədli zənginləşdirmək də daxil olmaqla dinc nüvə proqramını inkişaf etdirmək hüququnu inkar edir.
  5. ABŞ-ın öhdəlik pozuntularına görə məsuliyyət daşımaması: İran, ABŞ-ın JCPOA-dan birtərəfli qaydada çıxması və sanksiyaları yenidən tətbiq etməsi ilə bağlı məsələni gündəmə gətirmək üçün artıq mübahisələrin həlli mexanizmini işə salmışdı. Lakin üç Avropa ölkəsi bu açıq pozuntulara cavab verməkdə və onları aradan qaldırmaqda uğursuz olmuşdur.
  6. Şəraitin dəyişməsi: İranın nüvə obyektlərinə qarşı həyata keçirilən hərbi hücumlar vəziyyəti köklü şəkildə dəyişdirmiş və əvvəlki qətnamələri hüquqi və əməli baxımdan əhəmiyyətsiz etmişdir.

Səfirlik aşağıdakı məqamları xüsusilə vurğulayır:

  • İran İslam Respublikası daim diplomatik həll yoluna sadiqliyini nümayiş etdirmişdir. ABŞ və üç Avropa ölkəsinin qeyri-konstruktiv və gərginlik yaradan mövqelərinə baxmayaraq, İran heç vaxt danışıqlar masasını tərk etməmiş, dialoqun davam etdirilməsi istiqamətində səmimi səylər göstərmişdir. Qeyd olunmalıdır ki, İranla ABŞ arasında danışıqların davam etdiyi bir vaxtda ölkəmizə qarşı hərbi təcavüzün həyata keçirilməsi qarşı tərəfin pis niyyətini açıq şəkildə üzə çıxarmışdır.
  • Təhlükəsizlik Şurasında üç Avropa ölkəsinin bu qanunsuz təşəbbüsünə dair heç bir konsensus mövcud olmamışdır. Daimi üzvlərdən olan Rusiya Federasiyası və Çin Xalq Respublikası açıq şəkildə bu addıma qarşı çıxmış və onun beynəlxalq hüquqa zidd olduğunu bəyan etmişlər.

Nəticə etibarilə, İran İslam Respublikasının mövqeyinə görə, BMT Təhlükəsizlik Şurasının 2231 (2015) saylı qətnaməsi öz hüquqi qüvvəsini 2025-ci il 18 oktyabr tarixində itirmişdir. Beləliklə, İranın dinc nüvə proqramına qarşı hər hansı sanksiya və ya məhdudiyyətin davam etdirilməsi üçün heç bir hüquqi əsas mövcud deyildir.

İran İslam Respublikası milli maraqlarını qorumaq və bütün ədalətsiz sanksiyaların tam şəkildə ləğvini təmin etmək məqsədilə zəruri hesab edilən bütün tədbirləri görmək hüququnu özündə saxlayır.

متن دیدگاه
نظرات کاربران
تاکنون نظری ثبت نشده است