26 November 2025
2025/10/09 - 17:04
View 99

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri cənab Müctəba Dəmirçilunun “Həftə içi” xəbər saytına müsahibəsi

.

 

 

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri cənab Müctəba Dəmirçilunun “Həftə içi” xəbər saytına müsahibəsi

 

 

Azərbaycanda diplomatik fəaliyyət dönəminiz ən gözəl vaxta təsadüf edir. Artıq müharibə başa çatıb, torpaqlar azad olunub və ölkəmiz inkişaf dövrünü yaşayır. İlk fəaliyyət dövrünüzdən baxsanız, Azərbaycanda hansı dəyişiklikləri görərsiniz?   

Şübhəsiz ki, Azərbaycan Respublikasında diplomatik fəaliyyətim ölkənin siyasi həyatında həm tarixən, həm də strateji baxımdan mühüm və taleyüklü bir dövrə təsadüf edir. Müharibənin sona çatması, işğal altında olan torpaqların azad edilməsi və ərazi bütövlüyünün bərpası yalnız Azərbaycanın tarixində böyük dönüş nöqtəsi olmaqla kifayətlənmir, eyni zamanda bütün regionda sülh, sabitlik və dayanıqlı inkişaf üçün yeni imkanlar açır.

Bu kontekstdə genişmiqyaslı infrastruktur və tikinti layihələrinin həyata keçirilməsi, strateji sərmayələrin cəlb olunması və azad edilmiş ərazilərin bərpası üzrə məqsədyönlü səylər Azərbaycanın gələcəyə doğru inkişaf iradəsini aydın şəkildə nümayiş etdirir. Eyni zamanda, bu proses regional əməkdaşlıq üçün yeni platformalar yaradaraq qonşu ölkələr üçün tranzit, enerji, ticarət və insan əlaqələri sahəsində geniş perspektivlər açır.

İran İslam Respublikası üçün isə bu nailiyyətlər iki dost və qardaş ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsi, qarşılıqlı etimad və əməkdaşlığın inkişaf etdirilməsi üçün nadir və qiymətli bir fürsət yaradır. Biz hər zaman əmin olmuşuq ki, Azərbaycanın sabitliyi və davamlı inkişafı yalnız bu ölkənin xalqının xeyrinə deyil, bütün regionun rifahına xidmət edir və xüsusilə İran ilə Azərbaycan arasındakı qardaşlıq əlaqələrini daha da möhkəmləndirir.

 

Cənab səfir, ötən illər ərzində şəhərlərimiz, kəndlərimiz dəyişib gözəlləşsə də, çox təəssüf ki, əlaqələrimizdəki mövcud siyasi-iqtisadi problemlərdən qurtula bilmirik. 20 il əvvəlki ikitərəfli ticarətimiz indiyədək nəinki eyni həcmdə qalıb, əksinə daha da azalıb. Niyə coğrafi baxımdan iki ən yaxın və ən uzun sərhədə malik ölkələr olaraq iqtisadi-ticarət münasibətlərimizi milyardlarla dollara qaldıra bilmirik? Bəlkə bir-birimizə alıb-satacaq heç nəyimiz yoxdur?

Mən də razıyam ki, hazırkı münasibətlərin səviyyəsi heç bir halda qənaətbəxş sayıla bilməz. Xüsusilə nəzərə alsaq ki, Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri məhz İran olmuşdur. İran, 1960-cı illərdən etibarən fəaliyyət göstərən Bakıdakı baş konsulluğunu səfirlik səviyyəsinə yüksəldərək diplomatik münasibətlərin ən yüksək səviyyədə qurulmasına təşəbbüs göstərmişdir.

Müstəqilliyin ilk illərində İran həm siyasi, həm hərbi, həm də iqtisadi sahələrdə Azərbaycana mühüm dəstək vermişdir. İşğala qarşı mübarizə üçün hərbi texnika və təlimlərin təmin olunması, Naxçıvan üçün elektrik enerjisi, yanacaq və ərzaq göndərilməsi, məcburi köçkünlərin yerləşdirilməsi və yaralı döyüşçülərin müalicəsi kimi addımlar tarixdə əbədi olaraq qeyd olunmuşdur.

Ticarət sahəsində də İran bəzi illərdə Azərbaycanın aparıcı ticarət tərəfdaşı olmuşdur. Ermənistan ilk dəfə Tehranda keçirilən görüş zamanı Azərbaycanın ərazi bütövlüyünü tanıyan sənədi imzalamışdır. Bütün bunlar iki ölkə arasında mövcud olan yaxın və yüksək səviyyəli əlaqələrin bariz göstəricisidir.

Təəssüf ki, müxtəlif səbəblər ucbatından bu müsbət dinamika davam etdirilə bilməmişdir. Həm daxili, həm də xarici amillər — yəni ağıllı düşmənlər və nadan dostlar — bu prosesə mənfi təsir göstərmişdir.

Buna baxmayaraq, mən gələcəkdə münasibətlərimizin aydın və ümidverici olacağına inanıram və əminəm ki, iki ölkə arasındakı əlaqələr bütün sahələrdə yüksələn xətlə inkişaf edəcəkdir.

 

 İranla Azərbaycan illər ərzində Azərbaycan ərazisində bir neçə birgə emal müəssisəsi yaradıb. Xüsusilə də maşınqayırma zavodları. Birinin təməlqoyma mərasimində şəxsən iştirak etmişəm. Bu müəssisələr işləyirmi, məncə yox. Ümumiyyətlə, bu cür böyük proqramlar niyə passiv qalıb?

İran İslam Respublikasının vətəndaşları Azərbaycan Respublikasında sənaye və iqtisadiyyat sahələrinə sərmayə qoyuluşunda öncül rol oynamış və ölkənin müstəqilliyinin ilk illərindən etibarən mühüm investisiyalar həyata keçirmişlər. Həm özəl, həm də dövlət sektoru şirkətləri bu istiqamətdə əhəmiyyətli layihələr icra etmişdir. Onlardan bəziləri aşağıdakılardır:

  • İran Xodro və Azərmaş (Xəzər) birgə avtomobil zavodu: Bu zavod 2016-cı ildə Neftçala Sənaye Parkında yaradılmışdır və müxtəlif modellərdə ildə 10 min minik avtomobilinin istehsal gücünə malikdir. İran Xodro şirkəti bu müəssisədə 25 faiz paya sahibdir.
  • Hacıqabul avtobus istehsalı zavodu: Bu zavod Azərbaycan Respublikasının Azərmaş şirkəti ilə İran İslam Respublikasının “Oqab” özəl şirkətinin əməkdaşlığı çərçivəsində Hacıqabul Sənaye Zonasında inşa edilir.
  • İranın bilik əsaslı və ixrac yönümlü şirkətləri: Sənaye istehsal müəssisələri ilə yanaşı, yüzlərlə İran şirkəti Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və informasiya texnologiyaları, dərman istehsalı, kənd təsərrüfatı və qida sənayesi kimi müxtəlif sahələrdə fəaliyyət göstərir.

Buna baxmayaraq, hesab edirəm ki, mövcud fəaliyyət səviyyəsi iki ölkənin iqtisadi potensialına tam uyğun gəlmir və gözlənilən səviyyədən xeyli aşağıdır.

 

 Bir zamanlar neft-qaz istehsalçısı olan ölkələrimiz arasında bu müstəvidə yaxşı ticarət qurulmuşdu. Bu gün məsələn, enerji istehsalını artıran Azərbaycan bu sahədə də İranla yaxşı ticarət qura bilər. Bu, yanacaq və elektrik enerjisini istər İran bazarına, istərsə də İran üzərindən üçüncü ölkəyə nəqli yolu ilə baş tuta bilər...

Neft, qaz, neft məhsulları və elektrik enerjisi sahələrində iki ölkə arasında əməkdaşlıq mövcud olmuş və hazırda da uğurla davam etdirilməkdədir. Bununla yanaşı, bu əməkdaşlığın daha da genişləndirilməsi üçün əhəmiyyətli imkanlar mövcuddur. Bu əməkdaşlıq bir neçə istiqamətdə həyata keçirilə bilər:

  • İrana ixrac: Azərbaycan, mövsümi şəraitə və ya İranda daxili istehlakın artdığı dövrlərdə müvəqqəti olaraq elektrik enerjisi və yanacaq təminatçısı qismində çıxış edə bilər.
  • Üçüncü ölkə bazarlarına enerji təchizatı: İran ərazisi vasitəsilə, xüsusilə boru kəmərləri və elektrik ötürmə şəbəkələri vasitəsilə, Azərbaycanın enerji ixracının region ölkələrinə – Fars körfəzi, Qafqaz, Əfqanıstan, Pakistan və Türkiyəyə – yönləndirilməsi mümkündür.
  • Birgə layihələrdə əməkdaşlıq: Enerjinin istehsalı, ötürülməsi və saxlanması sahələrində birgə sərmayə qoyuluşu hər iki ölkə üçün iqtisadi faydalar yaradacaq və regionun enerji təhlükəsizliyini daha da gücləndirəcəkdir.

Bu təşəbbüslər həm iqtisadi faydaları artırmaq, həm də regional enerji təhlükəsizliyini möhkəmləndirmək baxımından strateji əhəmiyyət kəsb edir.

 

Arazın üstündə yeni körpünün tikintisi tamamlanmaq üzrədir və hesab edirik bu əla layihədir. Bəs İran dəmiryol şəbəkəsinin Azırbaycan dəmiryol şəbəkəsinə birləşdirmək kimi bir niyyəti varmı? Astaraya qədər dəmir yolu hazırdır Azərbaycanda, İran tərəfi öz ərazisində dəmiryolunun davamını tikdimi və tikirsə nə zaman başa çatdıracaq? Gələcəkdə Şərqi Azərbaycan ostanı üzərindən İran dəmir yolunun Zəngilan və ya Fizulidə Azərbaycan dəmir yoluna birləşdirmək sizcə necə olardı?

Sovet dövründə hər iki ölkənin dəmir yolu şəbəkələri birləşmiş və fəal şəkildə fəaliyyət göstərirdi. Naxçıvandakı Culfa bölgəsində yerləşən dəmir yolu xətləri bir vaxtlar qarşılıqlı əlaqədə olmuşdur, lakin Qarabağ münaqişəsi nəticəsində bu əlaqə müvəqqəti dayandırılmışdır.

İki ölkənin dəmir yollarının yenidən birləşdirilməsi üçün üç əsas istiqamət müzakirə olunmuşdur: birincisi, Culfa bölgəsindəki ənənəvi xəttin bərpası; ikincisi, İmişli–Parsabad marşrutu; üçüncüsü isə Astara istiqamətidir.

Hazırda İranın dəmir yolu Naxçıvanın Culfa bölgəsinə qədər uzanır və asanlıqla fəaliyyət göstərə bilər. Parsabad–İmişli bölgəsində dəmir yolunun birləşdirilməsi üçün yalnız qısa bir hissənin tikintisinə ehtiyac vardır və bölgənin coğrafi şəraiti bu iş üçün son dərəcə əlverişlidir.

Rəşt–Astara dəmir yolunun tikintisi də davam edir və ümid edilir ki, bu layihə tamamlandıqdan sonra iki ölkə arasında yüklərin daşınma həcmi əhəmiyyətli dərəcədə artacaqdır. Hazırda Azərbaycan Respublikasının dəmir yolu Astara bölgəsindən İrana daxil olur, burada yerləşən Astara dəmir yolu terminalında yüklərin boşaldılması və yüklənməsi əməliyyatları həyata keçirilir. Rəşt–Astara xətti tamamlandıqdan sonra yüklər birbaşa və fasiləsiz şəkildə İranın cənubundakı Fars körfəzi limanlarına və ya oradan Rusiyaya qədər daşına biləcəkdir.

Araz çayı üzərində Zəngilan bölgəsində inşa olunan yeni körpü isə yük avtomobillərinin keçidi üçün nəzərdə tutulmuşdur və bu ilin sonuna qədər tikintisinin tamamlanması planlaşdırılır. Dəmir yolu körpüsünün inşası ilə bağlı da iki ölkə arasında danışıqlar davam etdirilməkdədir..

 

Bu arada, İranın gələcəkdə Zəngəzur dəhlizindən istifadəsi mümkündürmü və bu dəhlizdən istifadə sizcə, İran iqtisadiyyatına necə töhfə verə bilər?

Nəqliyyat infrastrukturlarının yaradılması yalnız iqtisadi inkişafı təşviq etmir, eyni zamanda bölgədə sülh və sabitliyin möhkəmləndirilməsinə xidmət edən strateji addımdır. Nəqliyyat və tranzit maneələrinin aradan qaldırılması, mahiyyət etibarilə, müsbət və irəliyə yönəlmiş təşəbbüsdür. Bu baxımdan, biz həmişə regiondakı bütün nəqliyyat və tranzit marşrutlarının açılmasını dəstəkləmiş və gələcəkdə də bu dəstəyi davam etdirəcəyik.

Belə təşəbbüslər region ölkələrinin iqtisadi çiçəklənməsinə təkan verəcək, təbiətinə uyğun olaraq sülh və dostluğun möhkəmlənməsinə xidmət edəcəkdir.

Son 30 il ərzində Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında birbaşa əlaqə mümkün olmadıqda, İran İslam Respublikası bu əlaqəni təmin etmək üçün alternativ marşrut yaratmışdır. Hazırda da İran və Azərbaycan bu marşrutun həm dəmir yolu, həm də avtomobil yolu vasitəsilə genişləndirilməsi istiqamətində sıx əməkdaşlıq aparırlar.

Bu prizma altında, regiondakı bütün ölkələr qarşılıqlı maraqların təmin olunması məqsədilə əməkdaşlıq apara bilərlər.

 

Cənab, siyasi əlaqələrimizdəki axsaqlıqları nə vaxt aradan qaldıracağıq? Siyasi ab-hava düzəlir, amma bu vaxt, ittiham kimi səslənməsin, İranda hansısa yüksək vəzifəli bir rəsmi və ya hərbçi elə bəyanatlar, elə açıqlamalar verir ki, yenə aləm qarışır və ən azından aylarla mətbuat bunu işıqlandırmalı olur. Dövlət rəhbərliyiniz ikitərəfli əlaqələrə ziyan vura bilən açıqlamalar verməyi niyə qadağan etmir səlahiyyətlilərə? Qeyd edim ki, son zamanlar xeyli səngiyib belə hallar...

Əvvəlcə vurğulamaq istərdim ki, İran və Azərbaycan Respublikası arasındakı münasibətlər qarşılıqlı hörmət, mehriban qonşuluq və ortaq maraqlar prinsiplərinə əsaslanır. Təbii ki, hər bir ikitərəfli münasibət prosesində müəyyən fikir ayrılıqları və dövri qeyri-sabitliklər yarana bilər. Lakin dövlətlər və rəsmi qurumlar üçün əsas prioritet konstruktiv dialoqa yönəlmək və yaranan anlaşılmazlıqları minimuma endirməkdir.

Bu çərçivədə, bəzən fərdi şəxslərin səsləndirdiyi fikirlər media vasitəsilə geniş əks-səda taparaq səhvən hökumətin rəsmi mövqeyi kimi təqdim oluna bilər. İran İslam Respublikasının əsas siyasəti Azərbaycan Respublikası ilə dostluq münasibətlərini daha da möhkəmləndirmək, dialoq və əməkdaşlıq yolu ilə qarşılıqlı etimadı gücləndirməkdir.

Razıyam ki, hər iki ölkənin əsas siyasətinə zidd olan bəyanatlar münasibətlərə təsir göstərə bilər. Buna görə də hər iki tərəf belə açıqlamaların qarşısını almaq üçün qarşılıqlı səylər göstərməlidir.

Biz inanırıq ki, konstruktiv dialoqun davamlı şəkildə aparılması, mütəmadi məsləhətləşmələrin təşkili və ortaq maraqlara diqqətin yönəldilməsi nəticəsində keçmişdə mövcud olmuş qeyri-sabitliklər tədricən aradan qalxacaq və iki ölkə arasındakı münasibətlər sabitlik və davamlı inkişaf yoluna daxil olacaqdır.

 

Əvvəlki sualın davamı olaraq, məsələn, İranda bəzi qüvvələr Təl Əvivin Bakı ilə isti münasibətlərini əsas tutaraq hər zaman ittiham səsləndirirdilər ki, İsrail Azərbaycan ərazisindən İrana hücum edə bilər və sair. Necə deyərlər, mərdi qovub namərd edirdilər. Amma nəticəni hamımız gördük: İsrail İrana Azərbaycandan yox, ərəb ölkələrinin ərazisindən hücum etdi. Həmin ərəb ölkələrinin başda İraq olmaqla, çoxu İranla sıx münasibətdədir. Sizcə məlum hücumlardan sonra İranda etibarlılıq müstəvisində Azərbaycana münasibətdə dəyişiklik hiss olunurmu?

Sionist rejimin əsas məqsədlərindən biri müsəlman ölkələri arasında fikir ayrılığı yaratmaq və beləliklə diqqəti Fələstinin işğalı məsələsindən yayındırmaqdır. Tarixi perspektivdə, son 80 il ərzində bu rejim müxtəlif gərginliklər və qarşıdurmalar yaradan siyasəti ilə Fələstinin işğalı və təcavüz siyasətini gözdən uzaq saxlamağa çalışmışdır. Bu çərçivədə, son zamanlar İran ərazilərinə qarşı həyata keçirilmiş hərbi təcavüz də regionda qarşılıqlı anlaşmanın pozulması məqsədini güdürdü.

Lakin xoşbəxtlikdən, İran və Azərbaycan Respublikası arasında mövcud olan qarşılıqlı anlayış və konstruktiv dialoq bu cəhdlərin iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinə hər hansı bir zərər vurmasına imkan verməmişdir.

İran İslam Respublikası hesab edir ki, sıx əməkdaşlıq, davamlı məsləhətləşmələr və qarşılıqlı etimadın möhkəmləndirilməsi yolu ilə bu cür gərginlik yaradıcı təşəbbüslərin qarşısı alınaraq, iki ölkə arasında qardaşlıq və davamlı əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün əlverişli şərait yaradılacaqdır.

 

Cənab Pezeşkian prezident seçiləndən sonra ikili əlaqələrdə görünməmiş istiləşmə yaranıb. İndi çoxları artıq Pezeşkianın şerlərini əzbər bilir. Bir diplomat olaraq deyin lütfən: məhz prezident Pezeşkianın yaratdığı bu xoş atmosferdən yararlanaraq sizli-bizli bütün umu-küsüləri aradan qaldırmaq üçün nələr etməliyik?

Xoşbəxtlikdən, dövlət başçılarımız arasında çox yaxşı və səmimi münasibətlər formalaşmışdır. Hamı cənab Məsud Pezeşkianın son Bakı və Xankəndi səfərləri zamanı bu dostluq dolu əlaqələrin şahidi olmuşdur. Bu münasibətlər iki dost, qardaş və qonşu ölkə üçün qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın inkişafı baxımından nadir bir fürsət yaradır.

Bu yeni mərhələ yalnız yüksək səviyyəli siyasi və diplomatik təmasların möhkəmlənməsi üçün deyil, həm də iqtisadi, mədəni və ictimai sahələrdə qarşılıqlı etimadın gücləndirilməsi üçün əlverişli zəmin təmin edir. Diplomatik baxımdan, aidiyyəti qurumlar arasında davamlı dialoq və rəsmi koordinasiya, yaranan anlaşılmazlıqların aradan qaldırılmasında, ikitərəfli həssas məsələlərin dəqiq idarə olunmasında və konstruktiv, reallığa əsaslanan qərarların qəbulunda mühüm rol oynayır.

Bu müsbət mühitdən iqtisadi, mədəni və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi məqsədilə düzgün şəkildə istifadə olunarsa, qarşılıqlı etimad təkcə dövlətlər səviyyəsində deyil, həm də hər iki xalq arasında möhkəmlənəcək və uzunmüddətli birgə layihələr üçün etibarlı təməl yaradacaqdır.

Birgə sərmayələr, elmi və mədəni təcrübə mübadiləsi, habelə ortaq təhsil proqramları qarşılıqlı anlaşma və əməkdaşlıq səviyyəsini daha da yüksəldərək, iki ölkə arasındakı münasibətləri rəsmi çərçivədən çıxarıb daha dərin və davamlı mərhələyə gətirə bilər.

 

Bu arada, münasibətlərin yaxşılaşmasına media da öz töhfəsini verə bilər. Əbəs yerə deyilmir: Media dövlətləri müttəfiq də edər, düşmən də. Nə təklif edirsiniz, iki ölkə mətbuatını əlaqələndirmək üçün hansı addımlar atılmalıdır? Şəxsən mən təklif edirəm ki, bir zamanlar mövcud olan qarşılıqlı mediaturlar bərpa edilməlidir. Çünki bu, ölkələrimiz arasında daha yaxşı ovqat yaradacaq materialların mətbuatda işıqlandırılması demək olardı...

Bəli, medianın rolu təkcə xəbərlərin yayılması ilə məhdudlaşmır; o, həm də ictimai rəyin və qərarverici dairələrin formalaşmasında mühüm təsirə malikdir. Kütləvi informasiya vasitələri tarixi, mədəni, dini və iqtisadi ortaq dəyərlərə davamlı şəkildə diqqət yetirdikdə, xalqın şüurunda “təbii müttəfiqlik” obrazı formalaşır. Əksinə, ən kiçik gərginliklər belə mediada şişirdilərsə, bu, qarşılıqlı etimadsızlıq və narazılıq toxumları səpə bilər.

İran və Azərbaycan kimi dərin ortaq bağlara malik ölkələr üçün medianın məsuliyyəti ikiqatdır. Qarşılıqlı media turları ənənəsinin bərpası ilə bağlı təklifinizlə tam razıyam və bu məsələ qarşılıqlı münasibətlərin fəaliyyət planına daxil ediləcəkdir. Jurnalist ölkədə həyata keçirilən iqtisadi layihələri, insanların gündəlik həyatını və reallıqları yerində gördükdə, onun hazırladığı reportajlar artıq şayiələrə və ikinci dərəcəli mənbələrə əsaslanmayacaq, əksinə etimad yaradacaqdır.

Bu təşəbbüsün institusional xarakter alması üçün bir neçə tamamlayıcı addımın atılması zəruridir:

  • Davamlı əlaqələrin qurulması: Hər iki ölkənin əsas xəbər agentlikləri, televiziya kanalları və aparıcı mətbu orqanları arasında davamlı əməkdaşlığın təmin edilməsi.
  • Məzmun mübadiləsi və birgə layihələr: Media qurumları arasında məzmun mübadiləsi və əməkdaşlıq çərçivəsində İranın aparıcı xəbər agentlikləri ilə Azərbaycan tərəfi arasında birgə proqramlar və sənədli filmlərin hazırlanması, bu layihələrin hər iki ölkənin əsas televiziya kanallarında yayımlanması. Bu, mədəni əməkdaşlığın dərinləşməsinə xidmət edəcəkdir.
  • Jurnalistlər üçün qarşılıqlı proqramlar: Qarşılıqlı səfərlər, digər ölkədə keçirilən tədbirlərdə iştirak, birgə iqtisadi layihələrə yerində baxış və oxşar fəaliyyətlər vasitəsilə qarşılıqlı anlayışın və peşəkar əməkdaşlığın möhkəmləndirilməsi.

 

 

***

متن دیدگاه
نظرات کاربران
تاکنون نظری ثبت نشده است