26 February 2026
2026/02/12 - 10:38
View 86

İran İslam İnqilabının Qələbəsinin 47-ci İldönümünün Azərbaycan Respublikasında Qeyd Edilib

.

İran İslam İnqilabının Qələbəsinin 47-ci İldönümünün Azərbaycan Respublikasında Qeyd Edilib.

 

İran İslam İnqilabının qələbəsinin 47-ci ildönümünə həsr olunmuş təntənəli mərasim 1404-cü il 21 bəhmən tarixində (10 fevral - çərşənbə axşamı) Bakı şəhərində yüksək səviyyədə keçirilmişdir.

Mərasimdə Azərbaycan Respublikasının dövlət rəsmiləri, Bakıda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, ictimai-siyasi, mədəni, media, iqtisadi və dini dairələrin nümayəndələri, eləcə də Azərbaycan Respublikasında yaşayan İran vətəndaşları iştirak etmişlər.

Tədbirdə çıxış edən İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Müctəba Dəmirçilu qonaqları salamlayaraq, İmam Xomeyninin (r.ə.) rəhbərliyi ilə İran xalqının İslam İnqilabının qələbəsinin tarixi əhəmiyyətini vurğulamışdır. O bildirmişdir ki, İslam Respublikası islam dəyərlərinə əsaslanan xalq hakimiyyəti modeli kimi fəaliyyətə başladığı ilk gündən öz siyasi kursunu müstəqillik, azadlıq, ədalət və hegemonluğun rədd edilməsi prinsipləri üzərində qurmuşdur. Bu yol boyunca ölkə siyasi təzyiqlər, hərbi təhdidlər və hətta ərzaq və dərman məhsullarını əhatə edən genişmiqyaslı iqtisadi sanksiyalar da daxil olmaqla çoxsaylı çətinlik və maneələrlə üzləşmişdir.

Səfir çıxışında son həftələrdə qanuni və dinc vətəndaş etirazlarının istiqamətinin dəyişdirilərək iğtişaş və terror xarakterli əməllərə yönəldilməsi, habelə hərbi müdaxilə üçün bəhanələr yaradılması cəhdlərini hibrid müharibə strategiyasının tərkib hissəsi kimi qiymətləndirmiş, bunu sionist rejim və Amerika Birləşmiş Ştatları tərəfindən İran İslam Respublikasına qarşı aparılan on iki günlük müharibənin davamı adlandırmışdır. O vurğulamışdır ki, İran İslam Respublikası xalqın güclü dəstəyinə arxalanaraq, regional sülh və təhlükəsizliyi təhdid edən bu təzyiqlərə qarşı qətiyyətlə dayanmış və onları uğurla dəf edəcəkdir.

Çıxışının digər hissəsində səfir qeyd etmişdir ki, İran İslam Respublikası regionda və beynəlxalq müstəvidə məsuliyyətli, müstəqil və təsirli aktor kimi qarşılıqlı hörmət və ortaq maraqlara əsaslanan dostluq münasibətlərinin inkişafına xüsusi önəm verir. O, ortaq tarixi, mədəni, dini, dil və qohumluq bağları ilə sıx bağlı olan dost, qardaş və qonşu Azərbaycan Respublikası ilə əlaqələrin xüsusi əhəmiyyət daşıdığını vurğulamış, son 34 il ərzində Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, milli suverenliyinin təmin edilməsi və ərazi bütövlüyünün bərpası istiqamətində göstərilən səyləri diqqətə çatdırmışdır.

Azərbaycan Respublikasının Baş nazirinin müavini cənab Şahin Mustafayev də İran İslam İnqilabının 47-ci ildönümü münasibətilə təbriklərini ifadə etmiş, iki ölkə arasında, xüsusilə nəqliyyat, enerji, ticarət, infrastruktur, rabitə və mədəni əməkdaşlıq sahələrində dinamik inkişaf edən münasibətləri yüksək qiymətləndirmişdir. O bildirmişdir ki, yaxın günlərdə Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan–İran Birgə Hökumətlərarası Komissiyasının növbəti iclası əməkdaşlığın daha da genişlənməsinə və iqtisadi layihələrin icrasının sürətləndirilməsinə mühüm töhfə verəcəkdir.

Tədbir çərçivəsində İranın tətbiqi sənət nümunələrindən ibarət sərgi təşkil edilmiş, həmçinin ölkənin iqtisadi, elmi və texnoloji nailiyyətlərini, füsunkar təbiətini və turizm potensialını əks etdirən videoçarxlar nümayiş olunmuşdur. Proqram iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanmışdır.

متن دیدگاه
نظرات کاربران
تاکنون نظری ثبت نشده است