İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri cənab Müctəba Dəmirçilunun Versus.az xəbər saytına müsahibəsi
.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri cənab Müctəba Dəmirçilunun Versus.az xəbər saytına müsahibəsi
İranda baş verən hadisələr dərin tarixi əlaqələri olan qonşu dövlət, qardaş xalq, millət olaraq təbii ki, bizi də narahat edir. Müşahidələrimizə görə, bu gün İranda etiraz aksiyaları qismən sakitləşsə də davam edir. Məlumdur ki, bu vəziyyəti doğuran səbəblər dünya çapında müxtəlif cür şərh olunur. Siz baş verən etirazları nə ilə əlaqələndirirsiz: problem daxildən qaynaqlanır, yoxsa xaricdən… Və bu gün etirazçılar istəklərinə nail ola bildimi; hökumət hansı kompramisə getdi; sakitliyin yaranması üçün sanki bu vəziyyətdən narahat olan ABŞ-ın - Trampın dəstəyinə nə dərəcədə ehtiyac qalıb?
- İran da daxil olmaqla, hər bir ölkədə etirazların baş verməsi təbii bir prosesdir və müxtəlif səbəblərdən qaynaqlana bilər. İran qanunvericiliyində də etiraz etmək hüququ rəsmi şəkildə tanınır. Lakin qanuni etirazla iğtişaş və terror fəaliyyətləri arasında fərq qoyulmalıdır. Hadisələrin gedişatının təhlili göstərir ki, bəzi xarici amillər son daxili etirazları dinc məcrasından çıxarmağa cəhd etmişlər. 2025-ci ilin dekabr ayının sonlarında bazarlardakı dalğalanmalar və rialın dəyərdən düşməsi fonunda iqtisadi və sosial köklərə malik etirazlar başlamışdır. Dövlət bu etirazlara dialoqla cavab vermiş, vətəndaşların narahatlıqlarının aradan qaldırılması istiqaməsində əldə olunmuş razılaşmalar nəticəsində gərginlik səngimişdir.
Lakin sözügedən razılaşmadan bir neçə gün sonra, xarici mərkəzlərin təlimatı ilə mülki etirazları iğtişaş və terror aktlarına yönəltmək cəhdləri edilmişdir ki, bu da təəssüf ki, ciddi can və mal itkisinə səbəb olmuşdur. Bizim qənaətimizə görə, bu təxribatlar sionist rejimi və ABŞ-ın İrana qarşı apardığı "Hibrid Müharibə"nin bir tərkib hissəsi və "12 günlük müharibə"nin davamıdır. Əslində, iğtişaşlar yaratmaqla xarici hərbi müdaxilə üçün zəmin hazırlamaq məqsədi güdülmüşdür.
Bu hadisələrdə ABŞ-ın təhrikedici fəaliyyətləri və müdaxilələri tamamilə aşkardır. İnsanları terrora və iğtişaşa sövq edən "Kömək yoldadır" kimi bəyanatlar, bu müdaxilənin bariz sübutudur.
ABŞ-ın İrana qarşı sanksiyaları, hibrit müharibəsi, hərbi təhdidləri davam edir. ABŞ İrandan nə istəyir, ondan nəyi, hansı sözü almağa çalışır?
- Sualınıza cavab olaraq bir fundamental məqamı xüsusi qeyd etmək istərdim: Bu gün İrana qarşı tətbiq edilən sanksiyalar, hibrid müharibə və hərbi hədələr, əslində xalqımızın onilliklər ərzində nümayiş etdirdiyi müstəqillik iradəsinə qarşı yönəlmiş düşmənçilik siyasətinin davamıdır. Onlar sanksiyalardan iqtisadi silah kimi istifadə edərək, birbaşa xalqın rifahını hədəf almış və narazılıqlar yaratmaqla öz siyasi məqsədlərinə nail olmağa çalışmışlar. Bu yanaşma çərçivəsində hətta qida və dərman vasitələrinin əldə olunması çətinləşdirilmiş, nəticədə bir çox xəstələrin müalicə imkanları sanksiyalar səbəbindən məhdudlaşmışdır.
Nüvə texnologiyası, raket potensialı və regional nüfuz kimi məsələlərin gündəmə gətirilməsi sadəcə bir bəhanədir. Onların əsas hədəfi İranda onların istəklərini yerinə yetirən asılı bir siyasi sistemin bərqərar olmasıdır.
İran ABŞ-ın müharibə təhdidlərini hansı şərtləri yerinə yetirməklə susdurmağı düşünür?
İran təhdidlərin zərərsizləşdirilməsi və gərginliyin eskalasiyasının qarşısının alınması məqsədilə kompleks tədbirlər həyata keçirməkdədir. Başqa sözlə desək, ölkəmiz dialoq və danışıqlar yoluna üstünlük verməklə, regional və qlobal böhranların qarşısını almağa çalışır. Eyni zamanda, hər hansı ehtimal olunan təcavüzə qarşı mübarizə aparmaq üçün hazırlıqlar görür. İran, ABŞ və Sionist rejimin qlobal sülh və sabitliyi təhdid edən qanunsuz addımlarının qarşısını almaq üçün region dövlətləri ilə məsləhətləşmələr aparıb.
Bununla yanaşı, BMT-nin Baş katibinə və Təhlükəsizlik Şurasına ünvanlanan rəsmi məktublarda beynəlxalq hüququn hamılıqla tanınmış prinsiplərinə zidd olan bu hərəkətlərə etiraz bildirilmiş, dövlətimizin mövqeyinin legitimliyi və təhdidlərin əsassızlığı qətiyyətlə vurğulanmışdır. Bu tədbirlərin təməlində daxili potensiala güvənmə prinsipi dayanır. Müdafiə sahəsi də daxil olmaqla, müxtəlif istiqamətlərdə milli qüdrətin artırılması təcavüzün qarşısının alınması və istənilən təcavüzkar tərəf üçün ağır bədəllərin müəyyən edilməsi vasitəsi kimi İranın gündəliyində duran məsələdir.
Hərbi hücum baş verərsə, İranın xarici işlər nazirliyinin nümayəndəsinin bir çıxışında dediyi kimi, bu bütün region üçün təhlükə yarada bilər. Nazir bununla nəyə işarə etdi və sizcə müharibə ümumən region üçün hansı təhükəni yarada bilər?
Bu bəyanatlar, əslində müasir dünyada təhlükəsizlik sistemlərinin bir-birinə qırılmaz tellərlə bağlı olduğunun dəqiq təzahürüdür. Hər hansı bir hərbi avantüranın bütün regionun təhlükəsizliyini riskə atması o deməkdir ki, qloballaşan dünyada təhlükəsizlik bölünməz bir fenomendir. Eyni xüsusiyyət iqtisadi inkişafa da şamil edilir; çünki ölkələr təcrid olunmuş bir "ada" şəklində iqtisadi tərəqqiyə nail ola bilməzlər. Məhz bu məntiqlə, iqtisadi inkişaf və təhlükəsizliyin təmini üçün regional əməkdaşlıq formatları zərurətə çevrilir. Bir çox müharibələrin təcrübəsi göstərir ki, hadisələr heç də həmişə ilkin proqnozlara uyğun inkişaf etmir və vəziyyət idarəolunmaz bir həddə çata bilər.
Digər tərəfdən, müharibə hər zaman terrorizm və ekstremizm virusunun yenidən boy verməsi üçün münbit şərait yaradır. Regiondankənar qüvvələr münaqişə alovunu qızışdırdıqdan sonra bölgəni tərk edə bilərlər, lakin infrastrukturun dağılması, qeyri-sabitlik və terrorizmin ağır fəsadları ilə onilliklər boyu mübarizə aparmaq məcburiyyətində qalan məhz region xalqlarıdır. Buna görə də, Xarici İşlər nazirimizin xəbərdarlığı, əslində hamını rasionallığa dəvət edən bir çağırış idi. Bu, bütün oyunçulara ünvanlanmış bir mesajdır ki, hər hansı strateji hesablamada yol verilən xətanın bədəli təsəvvür ediləndən qat-qat ağır olacaqdır; regionun təhlükəsizliyi və maraqları bəzi dairələrin tamahkarlığına qurban verilməməlidir.
İranın Zəngəzur dəhlizi ilə bağlı son mövqeyi nədir: Məlumdur ki, ABŞ regiondakı təsirinin artması ilə birlikdə, dəhlizin çəkilişində də məsul tərəflərdən biri kimi çıxış edir. İran-ABŞ gərginliyi dəhlizin qurulmasına hansı əks təsirini göstərə bilər?
İran İslam Respublikasının mövqeyi tamamilə şəffafdır: İran kommunikasiya xətlərinin açılmasını və tranzit əməkdaşlığının inkişafını hər zaman dəstəkləyir. Çünki inanırıq ki, bu cür əməkdaşlıq regionun iqtisadi tərəqqisinə və xalqların rifahının yüksəlməsinə xidmət edəcəkdir. Bununla belə, regionda qeyri-sabitlik və gərginliyə yol aça biləcək hər hansı beynəlxalq sərhəd dəyişikliyinə və geosiyasi status-kvonun pozulmasına qarşıyıq.
Birləşmiş Ştatların roluna gəlincə, biz hesab edirik ki, Vaşinqtonun addımı region xalqlarına qarşı xeyirxahlıqdan deyil, əksinə, onların geosiyasi nüfuz strategiyasının və regional bağlarımızı qoparmaq cəhdinin bir hissəsidir. Tarixi təcrübələr sübut edir ki, iqtisadi layihələr pərdəsi altında geosiyasi məqsədlərin güdülməsi nəinki iqtisadi inkişafa səbəb olmur, həm də yaratdığı qeyri-sabitlik və təhlükəsizlik problemləri ilə region ölkələri arasındakı normal münasibətlərə də xələl gətirir.
***