.Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Prezident sarayında İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian ilə görüşüb
.Azərbaycan Respublikası Prezidentinin Xarici Siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev Prezident sarayında İran İslam Respublikasının prezidenti cənab Məsud Pezeşkian ilə görüşüb.
İRNA-nın verdiyi məlumata görə, Məsud Pezeşkian bazar ertəsi Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevlə görüşündə İran və Azərbaycan arasındakı münasibətlərin qonşuluq münasibətlərinin tərkib hissələri ilə yanaşı, qardaşlıq və qohumluq əlaqələrinə də əsaslandığını bildirib, İran İslam Respublikasının müxtəlif iqtisadi, siyasi, mədəni, müdafiə və təhlükəsizlik sahələrində ikitərəfli əlaqələrin gücləndirilməsində maraqlı olduğunu vurğulayaraq deyib: “Biz həmçinin ticarət və nəqliyyat sektorunda maneələrin sürətlə aradan qaldırılmasını vurğulayır və iki ölkə arasında təcrübə mübadiləsini və paylaşılmasını alqışlayırıq.”
İran İslam Respublikasının bütün İslam ölkələri arasında əlaqələr və sinerji inkişaf etdirməyə, İslam dünyasının gücünü artırmağa çalışdığını bəyan edən Pezeşkian deyib: “Ölkə daxilində harmoniya və empatiya yaratmaqla yanaşı, qonşu və İslam ölkələri ilə də əlaqələri inkişaf etdirmək istəyirik. Çünki inanırıq ki, müsəlmanlar arasında hər hansısa bir ixtilaf, düşmənlərin müdaxilə etməyə və təfriqə salmağa hərislənməsinə səbəb olacaq.”
Prezident daha sonra Səhiyyə və Tibbi Xidmət Nazirliyində vəzifədə olduğu dövrdə Azərbaycan Respublikasına səfərinə toxunaraq bildirib: “Azərbaycana səfər etdiyim vaxt özümü vətənimdə hiss edirdim. Münasib fürsətdə mütləq yenidən ölkənizə səfər edəcəyəm.”
Pezeşkian həmçinin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevi Tehranda qəbul edəcəyinə ümidvar olduğunu bildirib.
“Azərbaycan İranla münasibətlərinin səviyyəsini yaxşılaşdırmaq istəyir” – deyə Hikmət Hacıyev bildirib.
Görüşdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev cənab Pezeşkianla görüşməkdən məmnunluğunu ifadə edib və İlham Əliyevin səmimi salamlarını çatdırıb, eyni zamanda cənab Prezidenti İslam İnqilabının qələbəsinin 46-cı ildönümü münasibətilə təbrik edərək deyib: “İran dost və qardaş ölkə kimi Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Biz iki ölkə arasında münasibətlərin səviyyəsini yüksəltmək istəyirik və xoşbəxtlikdən bu gün bu məqsəd üçün zəmin hazırdır.”
Azərbaycan Prezidentinin köməkçisi deyib: “Əminliklə deyə bilərəm ki, İran İslam Respublikası ilə qonşu olan ölkələr arasında Azərbaycan Respublikası İranla əməkdaşlıq və əlaqələri inkişaf etdirməkdə ən əzmkar olanlardan biridir.”
Hikmət Hacıyev Tehranda apardığı danışıqlardan məmnunluğunu ifadə edərək, Azərbaycan prezidentinin cənab Pezeşkiana ölkəyə səfərə dəvətini çatdırıb və qeyd edib: “Azərbaycan xalqı Zati-alilərinə çox böyük diqqət və maraq göstərir və biz səbirsizlikə Azərbaycan Respublikasına səfərinizi gözləyirik.”
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Xarici Siyasət Məsələləri üzrə köməkçisi İranlı həmkarı - Prezidentin siyasi müşaviri cənab Mehdi Snainin dəvəti ilə 1-2 fevral tarixlərində Tehranda iki günlük səfərdə olub.
.