Mərhəmətli və Rəhmli Allahın adı ilə
Hörmətli Sahibə xanım Qafarova,
Azərbaycan Respublikası Milli Məclisinin möhtərəm Sədri
Əssəlamu əleykum,
İlahi ziyafət, rəhmət və Uca Allahın dərgahına yaxınlaşma ayı olan mübarək Ramazan ayının gəlişi münasibətilə Sizi və Milli Məclisin hörmətli deputatlarını səmimi qəlbdən təbrik edirəm.
Ramazan ayı ali insani dəyərlərin möhkəmləndirilməsi, İslam ümmətinin həmrəyliyinin gücləndirilməsi, sülh və mənəviyyatın təşviqi, eləcə də İslam ölkələri arasında məsləhətləşmələrin və əməkdaşlığın dərinləşdirilməsi üçün çox dəyərli bir fürsətdir. İslam dünyasının hazırkı həssas dönəmində, qarşıda duran çağırışlara sinə gərmək, müsəlman xalqlarının hüquqlarını qorumaq və məzlumların, xüsusilə də məzlum Fələstin xalqının haqlı səsini dünyaya çatdırmaq üçün parlamentlər səviyyəsində səmərəli əməkdaşlığa və vəhdətə hər zamankindən daha böyük ehtiyac vardır.
Ümidvaram ki, bu müqəddəs ayın fəziləti və bərəkəti İslam ölkələrinin parlamentləri arasında qardaşlıq bağlarının daha da sıxlaşmasına, ortaq mənafelərin qorunmasına, bölgədə dayanıqlı sülhün və İslam ümmətinin tərəqqisinin təmin olunmasına vəsilə olacaqdır.
Uca Allahdan bu əziz ayda ibadət və dualarınızın qəbulunu diləyir, sizə fəaliyyətinizdə uğurlar, əziz Azərbaycan xalqına isə izzət və rifah arzulayıram.
Məhəmməd Baqir Qalibaf,
İran İslam Şurası Məclisinin sədri