İran İslam Respublikasının Səfiri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sədri ilə görüşüb
Oktyabr ayının 21-də İran İslam Respublikasının Bakıdakı səfiri, cənab Müctəba Dəmirçilu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sədri cənab Şahin Bağırov ilə görüş keçirib. Görüşdə, hər iki ölkənin gömrük xidmətləri arasındakı münasibətlərin cari vəziyyəti ətraflı nəzərdən keçirilmiş, iqtisadi əlaqələrin dərinləşdirilməsi və qarşılıqlı ticarət dövriyyəsinin artırılması prosesində gömrük orqanlarının mühüm rolu xüsusi qeyd edilmişdir. Həmçinin, bir müddət əvvəl Bakıda baş tutmuş Azərbaycan, Rusiya və İran arasında nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlığa həsr olunan üçtərəfli görüşdə müzakirə edilmiş gömrük məsələlərinə dair mövzular üzrə ətraflı fikir mübadiləsi aparılmışdır. Bu çərçivədə, hər iki dövlətin ərazisindən keçən nəqliyyat dəhlizlərinin cəlbediciliyinin yüksəldilməsi, beynəlxalq ticarətin və tranzitin maneəsiz və sürətli icrasının təmin edilməsi, eləcə də məlumat mübadiləsinin gücləndirilməsinin əsas prioritetlərdən olduğu diqqətə çatdırılmışdır. Nəzərə çatdırmaq lazımdır ki, İran və Azərbaycan Respublikaları Astara, Biləsuvar, Culfa və Poldəşt şəhərlərində dörd fəal qurusərhəd buraxılış məntəqəsinə malikdirlər və Ağbənd-Kəlalə keçid məntəqəsinin istifadəyə verilməsi məsələsi də ikitərəfli gündəmdə öz əhəmiyyətini qoruyur.