22 sentyabr 2025-ci il, bazar ertəsi axşamı İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian bu ölkədə səfərdə olan Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş zamanı Prezident Pezeşkian iki ölkə arasındakı münasibətləri qardaşlıq münasibətləri kimi qiymətləndirərək, bu əlaqələrin hökumətlər və xalqlar arasında mövcud olan dərin mədəni və dini ortaq dəyərlərə əsaslandığını vurğulayıb. Dövlət başçısı bildirib ki, Azərbaycan–İran münasibətlərinin bütün siyasi, iqtisadi və mədəni sahələrdə genişləndirilməsi istiqamətində tam maraqlı olduqlarını və bu əməkdaşlığın inkişafı yolunda heç bir maneənin mövcud olmadığını bəyan edib.
Cənab Pezeşkian, eyni zamanda, bəzi dairələrin İslam ölkələri arasında ixtilaf və təfriqə yaratmaq, xüsusilə də İran və Azərbaycan Respublikası arasında səmərəli əməkdaşlığın qarşısını almaq cəhdlərinə diqqət çəkərək qeyd edib:
“İslam ölkələri, o cümlədən Azərbaycan Respublikası ilə əlaqələrin genişləndirilməsi, birlik və qardaşlığın möhkəmləndirilməsi xarici siyasətimizin əsas prioritetlərindəndir. İslam dünyasının liderləri, eləcə də İran və Azərbaycanın yüksək səviyyəli rəsmiləri arasında mövcud olan qarşılıqlı iradə bu cəhdlərin nəticəsiz qalacağını təsdiqləyir.”
Azərbaycan Respublikası Baş nazirinin müavini cənab Şahin Mustafayev isə görüşdə Prezident cənab İlham Əliyevin səmimi salamlarını Prezident Pezeşkiana çatdırıb və deyib:
“Cənab İlham Əliyev İran İslam Respublikası ilə münasibətlərin, eləcə də Sizinlə qardaşlıq əlaqələrinin inkişafına böyük diqqət və dəyər verir. Biz də bu dəyərli fürsətdən və xalqlarımız arasında möhkəm mədəni-dini təməllərdən istifadə edərək əməkdaşlığımızı və qarşılıqlı əlaqələrimizi daha da genişləndirəcəyik.”