İran İslam Respublikası Cənubi Qafqaz regionunda mövcud prosesləri diqqətlə izləyir və qonşu dövlətlər – Azərbaycan Respublikası və Ermənistan Respublikası ilə bu hadisələrlə bağlı təmasdadır.
Şübhəsiz ki, Qafqazda yaranacaq sülh və sabitlik bütün region ölkələrinin mənafeyinə xidmət edir. İran İslam Respublikası iki ölkə arasında sülh sazişi mətninin yekunlaşmasını alqışlayır və bu inkişafı bölgədə dayanıqlı sülhün təmin olunması istiqamətində mühüm addım kimi qiymətləndirir.
Eyni zamanda, İran İslam Respublikası xüsusilə ortaq sərhədlərə yaxın ərazilərdə təhlükəsizliyə və davamlı sabitliyə xələl gətirə biləcək istənilən xarici müdaxilənin, istənilən forma və üsulda olmasından asılı olmayaraq, mənfi nəticələrindən narahatlığını bildirir.
İran İslam Respublikası milli hüquq və mənafelərinin təmin olunması üçün siyasi, hüquqi və iqtisadi tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayır və inanır ki, bağlantıların yaradılması və nəqliyyat-kommunikasiya şəbəkələrinin bərpası yalnız qarşılıqlı mənafelər, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipləri çərçivəsində, xarici müdaxilələr olmadan həyata keçirildiyi təqdirdə region xalqlarının sabitliyinə, təhlükəsizliyinə və iqtisadi inkişafına xidmət göstərə bilər.
İran İslam Respublikası həm Azərbaycan Respublikası, həm də Ermənistan Respublikası ilə ikitərəfli və regional əməkdaşlıq, o cümlədən 3+3 formatı çərçivəsində qarşılıqlı mənafelərə əsaslanan səmərəli əməkdaşlığı davam etdirməyə və bununla bölgədə sülhün, sabitliyin və iqtisadi inkişafın qorunmasına hazırdır.