İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Müctəba Dəmirçilu ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə arasında keçirilən görüşdə iki ölkə arasında media sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
İran səfiri görüş zamanı sionist rejimin ölkəsinə qarşı təcavüzü ilə bağlı məlumat verərək, iki ölkənin media orqanları arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Ayxan Hacızadə öz növbəsində, Azərbaycan ilə İran arasında dostluq münasibətlərinin inkişafında maraqlı olduqlarını qeyd edərək, iki ölkənin Xarici İşlər Nazirliklərinin mətbuat xidmətləri arasında qarşılıqlı təmasların artırılmasını müsbət dəyərləndirib.
Görüş zamanı, həmçinin, media nümayəndə heyətlərinin qarşılıqlı səfərləri və xəbər agentlikləri arasında əməkdaşlığın genişləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb və ümumi razılıq əldə olunub.