İranın 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində fəal iştirakı
.
İranın 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində fəal iştirakı
İran 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində fəal iştirak edir. Ölkəmizi bu nüfuzlu mədəniyyət tədbirində təmsil edən İran Kitab və Ədəbiyyat Evi klassik və müasir ədəbiyyat, uşaq və yeniyetmələr ədəbiyyatı, İranşünaslıq, fars dilinin tədrisi, tarix, mədəniyyət və incəsənət, eləcə də elmi-tədqiqat sahələrində yüzlərlə kitabı ziyarətçilərin ixtiyarına verib.
Sərginin ilk günündə İranın stəndi böyük maraq doğurub; Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, bir sıra parlament deputatları, yazıçı və ictimaiyyət nümayəndələri, həmçinin İran İslam Respublikasının Bakıdakı səfiri Müctəba Dəmirçilu İranın stəndinə baxış keçirərək nümayiş olunan kitablarla yaxından tanış olublar.
Qeyd edək ki, oktyabrın 22-dən 27-dək Bakı EXPO Mərkəzində fəaliyyət göstərən 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində 32 ölkə, 148 yerli və 59 xarici iştirakçı təmsil olunur. Sərginin proqramı çərçivəsində 300-dən çox mədəniyyət tədbiri, toplantı, kitab təqdimatı və yazıçılarla görüşlərin keçiriləcəyi bildirilib.