İranın Azərbaycandakı yeni səfiri Azərbaycan Xarici İşlər naziri ilə görüşdü
.
İran İslam Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Müctəba Dəmirçilu diplomatik fəaliyyətinin ilk iş günündə - iyunun 25-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. Görüş zamanı səfir etimadnaməsinin surətini təqdim edib və tərəflər ikitərəfli münasibətlər, həmçinin sionist rejimin İrana qarşı hərbi təcavüzü mövzusunda fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov İranla əlaqələrin inkişafını ölkəsinin xarici siyasətinin prioritet istiqamətlərindən biri adlandırıb və deyib: İran və Azərbaycan Respublikası arasında mövcud olan çoxsaylı tarixi, mədəni, dini ortaq cəhətlər və böyük potensiallar, iki ölkə arasında əlaqələrin inkişafı və dərinləşməsi üçün münasib zəmin yaradır.
Səfir Müctəba Dəmirçilu da İranın xarici siyasətində Azərbaycan Respublikasının xüsusi mövqeyinə toxunaraq, Azərbaycan Respublikası ilə dostluq və qarşılıqlı əlaqələrinin inkişaf etdirilməsi və möhkəmləndirilməsini öz diplomatik missiyasının məqsədlərindən biri adlandırıb.
Ölkəmizin səfiri sionist rejimin ölkəmizə qarşı son hərbi təcavüzünə toxunaraq, regionda gərginlik yaratmağı bu rejimin məqsədlərindən biri adlandırıb və bu məsələdə qonşu ölkələrin sayıqlığı və əməkdaşlığının vacibliyini vurğulayıb.
Görüşdə xalqlararası əməkdaşlığın asanlaşdırılması və möhkəmləndirilməsi, əlaqələrdəki bəzi maneələrin aradan qaldırılması, iki ölkə arasında yüksək səviyyəli nümayəndə heyətlərinin mübadiləsi, o cümlədən regional forumlarda əməkdaşlıq və bəzi regional iqtisadi layihələrdə iştirak müzakirə olunan digər məsələlər sırasında yer alıb.