Görüşdə, Şahin Mustafayev İran İslam Respublikasının dövlət orqanları ilə keçirdiyi faydalı və konstruktiv görüş və danışıqlara toxunaraq, Tehrana səfərini ölkəsinin İranla münasibətləri inkişaf etdirmək səylərinin göstəricisi hesab edib.
O, iki ölkə arasında ticarət, investisiya, tranzit, elektrik enerjisi, su və neft sahələrində əməkdaşlığı faydalı və məhsuldar adlandırıb və ümidvar olduğunu bildirib ki, iki ölkənin sahib olduğu böyük imkanları nəzərə alaraq ikitərəfli əməkdaşlıq prosesi İranın yeni hökumətində daha da genişlənəcək.
Azərbaycan Respublikası Baş nazirinin müavini Qafqazda baş verən hadisələrlə bağlı məlumat verərək, ölkəsinin regionda sülhün bərqərar olmasında maraqlı olduğunu vurğulayıb. O, habelə bildirib ki, Azərbaycan Respublikası öz ərazisindən qonşu dövlətlərə qarşı istifadəyə heç zaman imkan verməyəcək.
Cənab Əraqçi habelə Azərbaycan Respublikasının İran İslam Respublikasının xarici siyasətindəki əhəmiyyətinə toxunaraq, iki ölkə arasında əlaqələrin daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.
Xarici işlər naziri bu baxımdan iki ölkə arasında mövcud olan Birgə İqtisadi Komissiyasının mühüm rolunu qeyd edib.
Cənab Əraqçi region ölkələrinin, məsələləri danışıqlar yolu ilə həll etmək və sülh razılaşmasına nail olmaq əzmini müsbət qiymətləndirib və bu sahədə kömək etməyə hazır olduğunu bəyan edib.
Sonda, Xarici İşlər naziri sionist rejimin Fələstin və Livanın müdafiəsiz xalqına qarşı bəzi Qərb ölkələrinin dəstəyi ilə həyata keçirilən cinayətlərinə toxunaraq, bu cinayətlərin dayandırılması üçün qlobal tədbirlərə ehtiyac olduğunu vurğulayıb.